Hazırda, ölkəmizdə təhsilini xaricdə davam etdirmək istəyən 1000-lərlə gənc var. Digər tərəfdən, ötən illərə nisbətdə yüksək IELTS və ya TOEFL balı əldə edən həmyerlilərimizin sayının artması bu yolda sistemli şəklidə addımlamağı bacaran insanların sayının get-gedə yüksəlməsinin sübutudur. Ancaq, təəssüf ki, bir çox hallarda informasiya qıtlığı tələbələrin doğru seçim edə bilməmələrinə, hətta bir çox hallarda xəyalını qurduqları xaricdə təhsil mühitinə çata bilməmələrinə gətirib çıxarır. Bu səbəbdən, təhsil yolunda irəliləmək üçün strateji planınızı mümkün qədər tez qurmaq olduqca vacib və hətta həlledici amildir.
Xaricdə təhsil araşdırması üçün əsas faktorlar
İstər bakalavr, istərsə də magistratura təhsili qəbul proseduru baxımından tələbələrin fərqli tələblərlə qarşılaşa biləcəkləri sahələrdir. Sadə dildə desək, seçdiyiniz universitetdən asılı olaraq, qəbul şərtlərində:
- IELTS, TOEFL balı tələbləri,
- SAT,GMAT/GRE balı üçün minimum tələblər
- Minimum orta bal (GPA) limiti
- Minimum iş təcrübəsi tələbləri
- Universitetin daxili imtahanı və s.
ilə qarşılaşa bilərsiniz. Sözsüz ki, hədəfinizi öncədən bəlirləməyiniz, qəbul olmaq istədiyiyiniz universitetin gözləntilərinə yaxşı bələd olmağınız bu yolda daha inamlı və effektiv addımlar atmağınıza kömək edəcək. Bu səbəbdən də təhsil müəssisəsi barədə əsas hədəflərinizi bəlirləməyiniz olduqca önəmli məsələdir.
Xaricdə təhsil almaq üçün universitet seçimi və siyahı mənbələri
Yuxarıda qeyd etdiyimiz kimi, dünyada çox sayda keyifyyətli tədris vəd edən universitetlər var və seçim bolluğu tələbələrin hədəfə fokuslanmaları baxımından çətinlik yaradır. Sözsüz ki, xaricdə təhsil universitetlərin siyahısı vasitəsilə seçim edib, növbəti mərhələyə keçməkdən ibarət deyil. Lakin bu seçimi vaxtında etmək sizin daha sistematik çalışmağınıza yardımçı ola bilər.
Bəs təhsil müəssisələrininin siyahısını necə əldə etmək olar? – Dünyanın ən yaxşı universitetləri haqda bu məqaləmizdə müəyyən qədər məlumat vermişdik. Ancaq məlum məsələdir ki, seçim üçün sizə daha hərtərəfli mənbələr lazım olacaq. Bu mənbələrin sizə universitetlərdə tədris olunan proqramları təqdim etməsi də vacibdir.
“StudyPortals” bu baxımdan sizin ən böyük bələdçiniz olmağa əsas namizəddir. Həmin portal vasitəsilə siz həm bakalavr üzrə, həm də magistratura üzrə xaricdə təhsil almaq üçün universitetlərin siyahısını əldə edə bilərsiniz. Portalın xidmətlərindən düzgün şəkildə yararlanmaq üçün ana səhifədə çıxan axtarış bölməsində hansı ölkədə və hansı ixtisas üzrə təhsil almaq istədiyinizi qeyd etməlisiniz.
Qeyd edək ki, bu vebsayt xaricdə təhsil, universitet kriteriyalarınıza uğyun siyahı tərtib etmək üçün çox faydalı olsa da, universitet seçimini etdikdən sonra qəbul şərtləri ilə daha ətraflı tanış olmaq üçün təhsil müəssisələrinin rəsmi vebsaytlarına daxil olmağınız məsləhətdir.