Yəqin, siz də fərqindəsiniz ki, son illərdə xaricdə təhsil alan gənclərin sayında kəskin artım müşahidə olunur. Ali təhsilin bütün pillələri üzrə oxumaq üçün həmyerlilərimizi həm Avropanın, həm də ABŞ və Kanadanın prestijli təhsil ocaqlarına yollandıqlarını görmək artıq bizi təəccübləndirmir. Buna baxmayaraq, magistratura təhsili almaq üçün ölkə xaricinə üz tutan gənclərimizin sayının digərlərinə nisbətən daha çox olduğunu da qeyd etməyə dəyər. Xaricdə magistratura təhsili almaq barədə önəmli məqamları ötən yazılarımızda vurğulamışdıq. Bu dəfə isə Avropada və ya dünyanın digər yerlərində təhsil almağın üstünlükləri barədə danışacağıq. Sadalayacağımız faktların sizə karyeranız barədə həlledici qərarlar qəbul etməkdə yardımçı olacağına ümid edirik.
1. Gələcək iş karyerası üçün önəmli bilgi və təcrübə qazanmaq
Güman ki, siz də bakalavr təhsilini bitirdikdən sonra dərhal magistratura təhsilinə keçid etməyin dünyada gülünc qarşılanması ilə bağlı söz-söhbətlər eşitmisiniz. Dünyanın inkişaf etmiş regionlarında, yəni Almaniya, yaxud Kanada kimi ölkələrdə bu cür fikirlərin formalaşması kifayət qədər normal haldır. Çünki bu cür ölkələrdə həm təhsil sistemi, həm də əmək bazarı kifayət qədər yaxşı inkişaf edib. Özünüinkişafa önəm verən şəxslər artıq bakalavr təhsilini bitirənə yaxın karyeraları haqda konkret fikir və hədəf sahibləri olurlar.
Azərbaycanda isə bu baxımdan vəziyyətin ürəkaçan olmadığı hər kəsə məlumdur. Bakalavr təhsilini yenicə bitirmiş Azərbaycan gənci hələ professional karyerası haqda deyil, gələcək təhsili barədə qərarlar verməyə çalışır. Belə ki, öncəki təhsilində kortəbii şəkildə “İqtisadiyyat”, “Sənayenin təşkili və idarə olunması” və s. kimi ixtisaslarda təhsil almış şəxslər magistratura təhsilində daha yaxşı düşünülmüş seçimlər edirlər. Daha dəqiq desək, gənclər xaricdə təhsil almaq üçün “Maliyyə”, “Marketinq” və digər spesifik seçimlər edərək, həm nəhayət ki, onlarda daha çox maraq doğuran sahələrdə təhsil almağa başlayırlar, həm də karyeraları üçün konkret addımlar atırlar. Xaricdə təhsil almağın üstünlükləri haqda danışarkən isə oxuduğu müddət boyu dünya təcrübəsinə yiyələnərək sona doğru daha dəqiq hədəfləri olan fərdlərə çevrilən gəncləri qeyd etmək xüsusilə yerinə düşür.
2. İş təcrübəsi (internship) şansları
Praktiki bilik daha qalıcı, həm də daha faydalı olur. Təhsilinizi xaricdə davam etdirməyiniz isə heç də iş imkanlarından yararlana bilməyəcəyiniz anlamına gəlmir. Azərbaycanlı gənclərin təhsil üçün tez-tez üz tutduqları Almaniya, Macarıstan, Estoniya, Polşa və s. kimi ölkələrin hər birində müəyyən şərtlər daxilində xarici tələbələrin çalışmalarına icazə verilir. Bu isə tələbələr üçün həm möhtəşəm iş təcrübəsi, həm də maddi gəlir imkanları mənasına gəlir.
Nümunə: Macarıstanda beynəlxalq tələbələrin həftədə 24 saat, Almaniyada isə 20 saat işləmələrinə icazə verilir.
3. Xaricdə karyera qurmaq şansları
Kiçikdən böyüyə hər kəs üçün xaricdə təhsil almağın üstünləri arasında ən cəzbedici olanı, yəqin ki, budur. Xaricdə təhsil alan şəxslər üçün oxuduqları ölkədə iş icazəsi ilə təmin olunma şanları xeyli yüksəkdir. Buna, zənnimizcə, 3 əsas səbəb var:
- İşə götürənlərlə üz-üzə görüşmək imkanı;
- Tələbəlik dövründə həmin ölkədə təcrübəçi olaraq işə başlayıb, etibar qazanma fürsəti;
- Məzun olduqdan sonra “iş axtarma” vizasına müraciət etmək imkanı.
Yuxarıda sadaladığımız üstünlüklər arasında təcrübəçi olaraq çalışmağın önəmini xüsusilə vurğulamaq lazımdır. Özəlliklə də, hər il Macarıstana təhsil üçün yollanmış 10-larla şəxsin bu yolla karyeralarını Avropada davam etdirmələri həmin tendensiyanın praktiki sübutudur.
4. Dil və ünsiyyət bacarıqlarını inkişaf etdirmək
Əksər xarici universitetlərdə təhsil almaq üçün 5,5-7,0 IELTS balı kifayət edir. Lakin bu göstəricilərə yiyələnmiş şəxslər heç də akademik və professional mühitdə özlərini doğrultmaq üçün lazımi təcrübəyə sahib olmurlar. Şəxslərin xarici dildə özlərini daha yaxşı ifadə etmə vərdişlərinə yiyələnmələri üçün beynəlxalq (multikultural) muhitdə keçirəcəkləri vaxt qızıl dəyərindədir.
Özü də, bu cür ünsiyyət bacarıqlarına yiyələnmək üçün xaricdə olduğunuz müddətdə işləmək mütləq deyil. Nəzərə alın ki, dünyanın inkişaf etmiş universitetlərində təhsil əzbərçilikdən daha çox açıq diskussiya, tənqidi yanaşma və interaktiv təqdimatlar üzərində qurulub. Bu cür imkan və şərtlər daxilində alınan təhsil sizi “yumşaq bacarıqlarınızı” inkişaf etdirməyə vadar edəcək.
5. Netvörkinq şansları
Bir çox elmi araşdırmalar təsdiqləyib ki, tələbələrin inkişafında həmyaşıdlarının rolu hətta müəllimlərdən belə daha çoxdur. Keyfiyyətli və yüksək reputasiyalı universitetlərdə təhsil alma imkanı qazanacağınız təqdirdə, ətrafınızda özünü inkişaf etdirməyə daim can atan insanlar olacaq. Bu şəxslərlə ünsiyyətdən qısa zaman müddətində böyük faydalar əldə etmək öz əlinizdədir.
Digər baxımdan, xaricdə təhsil almağın üstünlükləri sadəcə oxuduğunuz təhsil müəssisəsinin sərhədləri ilə də limitlənməyəcək. Sosial şəbəkələrdə, xüsusilə də, LinkedIn kimi platformalarda daim aktiv olmağa, arzuladığınız sahənin peşəkarları ilə əlaqə yaratmağa çalışın. Komplekslərinizi bir kənara qoyaraq bu cür tanışlıqlar əldə etmək sizə həm gələcək fürsətlərin qapısını aralamağa, həm də addımladığınız yolda artıq püxtələşmiş şəxslərin təcrübəsindən yararlanmağa yardım edəcək.