Azərbaycanlı gənclərin xaricdə təhsil almaq məqsədilə maliyyə yardımı əldə etmələri üçün bir neçə alternativ yol mövcuddur. Dünyanın bir çox hökumətləri, təşkilatları və ali təhsil müəssisələri tərəfindən təsis edilmiş təqaüd proqramları gənclərin təhsil yolundakı maddi çətinlikləri aşmaları üçün əsas vasitələrdəndir. Digər bir məqaləmizdə xaricdə təhsil üzrə dövlət proqramı vasitəsilə pulsuz təhsil imkanlarından bəhs etmişdik. Bu dəfə isə Azərbaycan Gənclər Fondu (AGF) tərəfindən təqdim edilən imkanlar barədə danışacağıq.
Ümumilikdə, bir qurum kimi, AGF-ni yalnızca xaricdə təhsil təqaüdləri təmin edən bir təşkilat kimi qələmə vermək düzgün olmazdı. Belə ki, xaricdə təhsil Gənclər Fondu tərəfindən diqqət ayırılan sahələrdən yalnız biridir və hər il bu təşkilat tərəfindən gənclərin inkişafı üçün bir çox fərqli proqramlar elan olunur.
AGF tərəfindən azərbaycanlı gənclər üçün yaradılan əsas fürsətlərdən biri hər il 18-29 yaşlı gənclərin layihələrinin maliyyələşdirilməsi üçün elan edilən qrant proqramıdır. Təqdim olunan layihələrin müddətinin 3-6 ay arası olması, fonddan tələb edilən vəsaitin isə 5000 AZN-dən yuxarı olmaması zəruridir.
Digər tərəfdən, qurum tərəfindən beynəlxalq tədbirlərdə iştirak, xarici şirkətlərdə təcrübə proqramlarının maliyyələşdirilməsi və s. kimi sahələrdə maddi dəstək də təmin edir.
Xaricdə təhsil – Gənclər Fondu proqramı
Azərbaycan Gənclər Fondu xaricdə təhsil almaq istəyən tələbələr üçün də təqaüd proqramları elan edir. Fondun bu sahədə əsas missiyası ali təhsilin magistratura və daha yüksək pillələrində təhsil alan tələbələrinin təhsil haqqı, yaşayış, səyahət və digər xərclərini qarşılamaqdır. Proqram həm xaricdə təhsilinə başlasa da, hələ 50%-dən daha azını tamamlamış tələbələr, həm də hələ təhsilinə başlamamış namizədlər üçün nəzərdə tutulmuşdu. Xüsusilə də, xaricdə təhsil proqramında Gənclər Fondu tərəfindən əsas diqqətin ABŞ, Birləşmiş Krallıq, Almaniya, Finlandiya və s. kimi ölkələrin top universitetlərinə verilməsi təqdirəlaiq hal idi.
İşin nisbətən problemli tərəfi isə ondan ibarətdir ki, bu proqram davamlı xarakter daşımır. Sonuncu dəfə 2019-2020-ci tədris ili üçün elan olunan proqramdan növbəti 2 ildə tələbələr, təəssüf ki, xəbər ala bilmədilər. Bu səbəbdən də, fürsətləri qaçırmamaq üçün saytımızı və Azərbaycan Gənclər Fondu rəsmi vebsaytını daim diqqət mərkəzində saxlamağınızı tövsiyə edirik.