Estoniyanın bir çox istiqamətlərdə sürətli inkişafı, həm də yaşayış xərclərinin aşağı olması, təqaüd proqramlarının mövcudluğu buranı gənclər üçün cəlbedici edir. Bu postda isə azərbaycanlı tələbələrin ölkədə uzunmüddətli yaşamaları üçün mövcud olan fürsətlər barədə bir qədər məlumat verəcəyəm.
İlkin mərhələdə, təhsil üçün ölkəyə gəlirsiniz. Bu zaman sizə viza deyil də, təhsil üçün müvəqqəti oturum izni (TRP) verilir. Sənədin keçərli olduğu müddət sizin təhsil müddətinizdən asılı olaraq dəyişir. Estoniyada təhsil haqqında ətraflı məlumat üçün buraya keçid edə bilərsiniz.
Məzun olan bütün tələbələrin təhsil üçün aldıqları oturum izninin müddəti bitdikdən sonra iş axtarmaq üçün əlavə 270 gün ölkədə qalmağa ixtiyarları var.⠀Həmin müddət də bitdikdən sonra artıq müvəqqəti oturum izni üçün müraciət etməlisiniz. Burada iki yolunuz var: ⠀⠀
- Estoniyada fəaliyyət göstərən təhsil müəssisəsindən hər hansı təhsil səviyyəsi (BA, MS, PhD) məzun olmusunuzsa, birbaşa olaraq oturum üçün müraciət edə bilərsiniz. Burada əsas məsələ Estoniyada əldə etdiyiniz diplomdur, ancaq işinizin də olması müvafiq quruma qalma səbəbinizi göstərməyiniz üçün önəmli faktordur. Sənədin möhləti 5 ilə qədərdir.⠀
⠀ - İş əsaslı oturum izni. Bu, daha çox alışdığımız, sırf şirkətlərin işçiliyə sponsor durmasına əsaslanan oturum iznidir. Bu cür oturum izninin müddəti də maksimum 5 ildir.
Müvəqqəti oturum iznini almağınız sizə gələcəkdə uzunmüddətli oturum izni üçün müraciət etmə imkanını tanıyır. Belə ki, həmin şəxslər ümumilikdə Estoniyada 5 il yaşadıqdan sonra uzunmüddətli oturum izni əldə edə bilirlər. Ancaq qeyd edək ki, illər hesablanarkən Estoniyada təhsil aldığınız müddət 2-yə bölünür. Yəni 2 illik master təhsili almısınızsa, “1 il yaşamıış” hesab olunursunuz.⠀
Ən nəhayət, vətəndaşlıq əldə etmək isə daha böyük məsuliyyət tələb edir. İlkin şərt olaraq yuxarıda qeyd etdiyim uzunmüddətli yaşayış iznini əldə etmiş olmalı və Estoniyada azı 8 il yaşamış olmalısınız. Əlavə olaraq da, eston dili və Estoniya konstitusiyası imtahanlarından uğurla keçməyiniz mütləqdir.